Skip to content

İnvestisiya təşviqi sənədini necə almaq olar?

İnvestisiya təşviqi sənədi 2023-cü ilin 1 yanvar tarixindən 3 (üç) il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları, müvafiq ərazilərdə həyata keçiriləcək layihələrə, eləcə də ölkə başçısı tərəfindən müəyyən edilən istiqamətlər üzrə həyata keçiriləcək strateji layihələrə verilir.

İnvestisiya təşviqi sənədi həmin sənədin əldə olunduğu tarixdən etibarən 7 (yeddi) il müddətində aşağıda qeyd olunmuş güzəştləri əldə etməyə əsas verir:

  • mənfəət və ya gəlir vergisinin 50%-dən azadolma;
  • torpaq və əmlak vergisindən tam azadolma;
  • müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolması.

İnvestisiya təşviqi sənədinin verilməsi üçün meyarlar aşağıdakılardır:

  • investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;
  • investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;
  • investisiya layihəsinin həyata keçiriləcəyi ərazilər və zonalar.

İnvestisiya təşviqi sənədi almaq üçün təqdim edilən strateji investisiya layihələri aşağıdakı meyarlar əsasında müəyyən olunur:  

  1. minimal investisiya məbləği Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 (beş) milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə isə 3 (üç) milyon manatdır;
  2. investisiya layihəsinin Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlərə uyğun olması.

Yuxarıda göstərilmiş məbləğin 10 (on) faizi müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, investisiya layihəsinin qeyd edilmiş meyarlara uyğunluğunun müəyyən edilməsi üçün Iqtisadiyyat Nazirliyinə müraciət etmək olar. Nazirlik bu cür müraciətə 5 (beş) iş günü müddətində baxaraq cavablandırır.

İnvestisiya təşviqi sənədinin alınması üçün müraciət qaydası belədir:

  1. İnvestisiya təşviqi sənədini almaq üçün İqtisadiyyat Nazirliyinin veb səhifəsində yerləşdirilmiş Elektron xidmətlər bölməsinə daxil olaraq “İnvestisiya təşviqi sənədi” keçidi vasitəsilə onlayn qaydada müraciət etmək lazımdır.
  2. Nazirlik müraciətə 5 (beş) iş günü müddətində baxır.
  3. İnvestisiya layihəsi müvafiq meyarlara cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı, habelə müraciət edənin vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərinin mövcud olmadığı halda Nazirlik investisiya təşviqi sənədinin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə müraciət edənə məlumat verir. 
  4. Dövlət rüsumu 5 (beş) iş günü müddətində ödənilməli və ödənişi təsdiq edən sənəd Nazirliyə təqdim edilməlidir.
  5. Dövlət rüsumunun (77. İnvestisiya təşviqi sənədinin verilməsi – 70 manat) ödənilməsi faktını təsdiq edən sənəd Nazirliyə təqdim edildikdən sonra investisiya təşviqi sənədi 2 (iki) iş günündən gec olmayaraq təqdim edilir.

İnvestisiya təşviqi sənədinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament:

Elektron xidmət barədə məlumatlandırma: http://e-xidmetler.economy.gov.az, http://e-gov.az,   office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, Çağrı mərkəzi: 195-2.

Elektron xidmətin göstərilməsi üçün tələb olunan aşağıdakı sənədlər skan edilərək elektron formada təqdim olunur:

  • investisiya təşviqi sənədinin alınması üçün ərizə;
  • hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, VÖEN-in, Nizamnamənin, səlahiyyətli nümayəndənin etibarnaməsinin və şəxsiyyət vəsiqəsinin surəti;
  • Ərizədə qeyd olunan investisiya layihəsinin həyata keçiriləcəyi obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin (çıxarış, icarə müqaviləsi) surəti;
  • İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 3-cü hissəsində göstərilən meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı); (biznes planın tərtib edilməsinə dair metodiki tövsiyələri bu linkdən əldə etmək mümükündür.)
  • investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *